“Ağalar” və “nökərlər”
Çağdaş Azərbaycan mediası dünya təcrübəsinin yanında elə də böyük tarixi olmamasına baxmayaraq, artıq öz standartlarını yaratmağı və onu istənilən (leqal ya da qeyri-leqal) yolla, istənilən istiqamətə yönləndirməyi bacarır. Bu gün hər bir mətbu orqan asanlıqla informasiya (bilgi) bazarına daxil ola və əgər bacararsa orada qala, özünə oxucu kütləsi yığa bilər…
Bilirəm yuxarıda oxuduğunuz cümlələr həddən artıq qəliz gəlir sizə. Ona görə bundan sonra çalışacağıq adamı yormayan və oxunuşu rahat olan yazılarla fikrimizi çatdıraq. Buna danışıq dili də deyə bilərsiz, “loru dili” də.
Beləliklə Azərbaycan mediası və onun qanunauyğunluqları. Daha doğrusu özünün yaratdığı qanunlar və bu qanunların yaratdığı rejim desək yerinə düşər.
Heç kimə sirr deyil ki, bu gün Azərbaycan qəzetləri siyasi-ictimai mövqedən çıxış edərkən toplumu (camaatı) yox, yuxarı (və çox vaxt siyasi) dairələri fikirləşir.
Bu da öz növbəsində təbii bir şeydi. Aydın məsələdir ki, nökər ağasına qulluq edər. Yəni qəzetlər oxucunu maraqlandıran mövzuları yox, oxucularda maraq yaratamaq, onlara “sırımaq” istədiyi mövzuları önə çəkir.
Həmin mövzuları isə “nökər”lərə “ağa”lar verir.
Bu mənada Azərbaycan qəzetlərini, ümumilikdə mətbuatını (böyüyündən tutmuş kiçiyinə kimi) kukla teatrına da bənzədə bilərik. “Ağa” istədiyi vaxt “kukla”larına istədiyi tamaşanı oynadır.
Oxuculara isə qalır bu suni “tamaşaları” izləmək.
Bu qədər üstüörtülü danışmağımız bəsdi. Keçək aydın və bariz örnəklərə. Partiyalaşmış qəzetlərə, siyasi fiqurların oyuncaqlarına…
Əlbəttə hazırda rəsmi də olsa avtoritar rejimdə yaşamırıq və aydın məsələdir ki, çox partiyalı sistemdə çoxpartiyalı qəzetlərimiz olmalıdır/ var. Bunlar isə öz növbəsində “hakim“ və “hakim olmayan” olmaqla iki yerə bölünür. Yəni iqtidar mətbuatıyla, müxalifət mətbuatı.
İqtidara əlbəttə ki, “Azərbaycan”, “Yeni Azərbaycan”, “Xalq”, “Səs” və s. və i. kimi qəzetləri nümunə gətirə bilərik.
Muxalifət isə məlum məsələdir: “Yeni Müsavat”, “Azadlıq”, “Bizim Yol” və b.
Bu məqamda daha bir abzas açıb paradoksal (təzadlı) “qanunauyğunluqlarımız”dan birini də toxunaq. Elə qəzetlərimiz də var ki, muxalifət olmasına baxmayaraq iqtidara “işləyir” və onun verdiyi vəzifələri icra edir.
Yəni lazım olanda “gözdən pərdə asmaq” üçün tənqid edir rəhbərliyi, lazım olanda isə əks istiqamətdə əsərək şəninə “gizli-gizli” təriflər yağdırır. Bir sözlə: “Ağa deyir sür dərəyə, sür dərəyə!”..
Yerdə qalan qəzetlərimizi isə aşağıdakı şəkildə, qısaca qruplaşdıra bilərik:
- iqtidar meyilli siyasi-ictimai qəzetlər;
- güya iqtidar meyilli olmayan siyasi-ictimai qəzetlər;
- tərəfsiz olmağa çalışdığını göstərən ancaq iqtidarmeyilli olan siyasi-ictimai qəzetlər;
- “ingilis bayrağı” üsuluyla hərəkət edən qəzetlər;
- ya iqtidarmeyilli olan, ya da məcburən iqtidar tərəfə meyl etdirilən idman qəzetləri;
- rusdilli qəzet/dərgilər;
- dini qəzet/dərgilər;
Son iki bəndəkiləri çox vaxt ya siyasi olaylar maraqlandırmır, ya da elə onlar da “inglis bayrağı” üsulunu seçənlərdi.
Elə düşünməyin ki, “reketlər” yadımızdan çıxıb. Yox, sadəcə rüşvətlə özünü dolandıran, jurnalist adına ləkə vuranları mətbu orqan hesab etmədiyimizdən onlar haqda danışmağa belə ehtiyac görmürük.
Yazımızın artıq sonunun yaxınlaşdığını görüb haqlı sual verə bilərsiz: mediadan başladız, bəs niyə sadəcə mətbuatdan bəhs etdiz?
Düşünürəm ki, bu cür məntiqli sualın ancaq bir məntiqli cavabı var:
Azərbaycanda tərəfsiz TV kanalı yoxdur. Buna imkan verilmir.
Özünü tərəfsiz göstərməyə çalışanlar ola bilər, amma bu da heç “çalışmaq” da deyil.
Qəzetlərdə rəsmi də olsa çoxpartiyalı sistem varsa, burada hamı bir partiyaya – hakim, rəhbər partiyaya xidmət edir.
TV kanallarının özünəməxsusluğu və qanunauyğunluğu haqda isə sıradakı yazılardan birində söhbət açarıq.
Deyəsən artıq çox uzandı.
Yazını bitirdikdən sonra başa düşdüm ki, heç də ikinci abzasdakı sözlərimə əməl etmədim. Ya da ən azından mənə elə gəlir. Hər halda ümidvaram ki, qəliz sözləri aydınlatmağa özünüzdə güc tapıb fikrimizi anlayacaqsız. Sizə kömək məqsədiylə Lüğət-il-məqalə bölməsini də əlavə etdim yazıya.
Imza: az-ya
LÜĞƏT-İL-MƏQALƏ
- media – kütləvi informasiya (bilgi) vasitələri
- leqal – qanuni.
- qeyri – (burada) olmayan.
- standart – qabaqcadan və yaxdu zamanla müəyyənləşən vahid.
- informasiya – xəbər.
- bariz – (burada) ən ideal, aydın.
- rejim – (burada) alışqanlıq halını almış idarətmə/yönləndirmə/qəbuolunma.
- avtoritar – (burada) bir şəxs tərəfindən idarə olunan və onun maraqlarına qulluq edən.
- abzas – mətndə yeni fikrin başlandığını göstərən, sətirin altından buraxılan boşluq.
- TV – televiziya.
- kanal – (burada) televizorda dövlətin radio-televiziya şurası tərəfindən verilən tezliklə yayıma çıxan informasiya orqanı.
- Buralar, Medializ |

