January 29, 2009

Dünən

Dünən öldüm..
Öldürdüm dünən özümü.

Tüpürdüm dünən.
Mənliyimə tüpürdüm.
Ürəyimi axtardım dünən,
Cəsarətimi axtardım …

İnsanlığımı axtardım
heç olmasa
hisslərimi qaytarım deyə..

Sevmək istədim
Sillə yedim, təpikləndim,
Tüpürüldüm,
Qovuldum,
Söyüldüm dünən..
Özüm qəbul etmədi özümü.

Qürurmuş səbəbi.
Aldanmaqmış bəhanəsi.
Yenə yıxılmaq qorxusuymuş.

Mən də tüpürdüm özümə
“ Qorxaqsan!
İkiüzlüsən!
Alçaqsan – dedim -
sən də hisslərini aldatmadın?
Neçə qürur tapdaladın bəs? ”

Səsini kəs!
Otur yerində dedi özüm özümə.
Dözə bilmədim.
Atdım özümü.

Öldürdüm..
Dünən öldüm.

[az-ya]

January 28, 2009

Xeyli Keçmiş

Keçmişimizdən xeyli keçmiş,
Ümidlərimizin istifadə müddəti bitmiş,
Gələcəyimiz konservləşdirilmiş…

Təbriklər!
 
Həyat saatımızda ilişmiş,
Hisslərimiz havadan asılı qalmış,
Həqiqət dəm qazından boğulmuş…

Təbriklər!
 

Üzümə bax,
Sözümə bax,
Gözümə bax, Kor!
Üzümə bax,
Sözümə bax,
Gözümə bax, Kor!
 
İnsalıq palçığa bulaşıb,
İnsalıq palçığa bulaşıb,
İnsalıq palçığa bulaşıb,
Şalvarımızdadı insanlığımız.

 

[Usta]

January 10, 2009

Holms Bar

Bir az martini.. yox, yox kokteyl olsun!
Nə var e bunda ? Mən içib sərxoş ola bilmərəm ?
Siqaretimi də yandıracam, bir barda oturacam.
Ora gələnləri tamaşa edəcəm.
Bütün günü deyingən şefindən qaçıb evə getmək istəməyən işçilər,
Küncə çəkilib ahəngdar və həzin musiqidə ən gözəl fantaziyasını işə salan təsadüfi iş adamı,
Bir qız, orta yaşlı kişi, cavanlığından ayrılmaq istəməyən qoca, bir də futbol şərfi taxan oğlan.
Bir az boşluq var burda. Heç kim heç kimə qarışmır. Hər kəs öz dünyasında…
Necə də gözəldi deyil mi ?
İçəcəm.. Gedəcəm o lənətə gəlmiş Avropaya.. Mançestr`də düşəcəm..
Calm Street`dəki o Holms Bar`a girəcəm..
Bir viski sifariş edəcəm amma.
Siqaretimi də yandırıb, oturacam…
Qarışmıyın mənə!
Fantaziyalarımla işiniz olmasın!

[az-ya]

January 2, 2009

Sonu gizli şeir

Bəzən təkliyə Bəzən hamınıza, Bəzən sözlərə Bəzən getməyinizə ehtiyacım var. Bəzən rədd olmaq, Sizi özümdən xilas etmək, Bəzən sizin dalınızdan Təpik vurmaq Istəyi var içimdə. Etiraf etməliyəm- Bəzən bəzilərinizin Üzünü tüpürməyim də gəlir, Öldürməyim də. Yox, sizin günahınız yoxdur, ey ali zatlar. Sadəcə mən əsəbiyəm o an. Bəzən insan olduğuma hirslənirəm Bəzən isə ümumiyyətlə olduğuma əsəbləşirəm. Bəzən kitablardan, bəzən kitabxanalara qaçıram. Budur, Siz də ordasınız. Ya kitabda, ya kitabxanada. Ya dayanacaqda, ya avtobusda. Marsda da, toyda da, yasda da, basabasda da. Hər yerdə siz varsınız. Məni izləyirsiz. Niyə? Kimin sifarişilə? Rəngarəngdi dünya. Qırmızılar, Mavilər, Yaşıllar, Çəhrayılar, Qaralar, Sarılar, Ağlar, Ağ-qaralar… Və siz. Bütün rənglərdə siz varsınız. Axı necə bacarırsız bunu??? Məni bezdirdiniz. Gözlərinizi çəkmirsiniz hərflərimdən. Oxumayın məni. Bitəcəm sizin üzünüzdən erkən. Gizlədirəm sonumu! [Usta]