Azadlıq-İnsan-Yazı
(Burada sizin şəxsiyyət vəsiqənizdəki şəkliniz olmalı idi)
Hər şey qəfil oldu.
Bir gün ona elə gəldi ki, kimsə həyatımnı idarə edir və əslində onun ağızdolusu danışdığı, yaşadığı, nəfəs aldığı azadlıq məhdudmuş.
Öz azadlığını saf-çürük etməyə girişdi.
Azadlığı ilə Azadlıq arasında bir sərhəd olduğunu gördü.
Azadlığı Azad deyilmiş.
Ona tam azadlıq lazım idi. Bəh-bəh-bəh.
Axtarmağa başladı hər yerdə, hər şeydə.
Milyon məşğuliyyət, milyon cərəyana, milyon macəraya, milyon “azad” insana qoşuldu.
Sonda hamısını bir kənara atdı. Məyus oldu.
Azadlığı ilə nə edəcəyini bilmirdi.
Azadlığının məqsəd olması onu qorxutdu.
O, öz azadlığını daha böyük bir nəsnə üçün vasitə etmək istəyirdi.
Amma nəyə? Nəyə? Nəyə?
Buna cavab tapa bilmirdi.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Ətrafındakılarda da bir azadlıq xəstəliyi vardı. Hamısı “Azadlıq” adlı havadan udur, “Azadlıq” siqaretləri çəkir, “Azadlıq” tualet kağızlarından istifadə edir, “Azadlıq” dinləyir, “Azadlıq” oxuyurdu. O da onlarla birgə. Amma onlar azad deyildi.
O, bunu anlayırdı. Bi neçə dəfə bunu onlara anlatmağa çalışdı. Alınmadı.
İnsanlar ya azad sanırdı özünü, ya da azad sanmaq üçün nümayişlərə çıxırdı.
“Artıq onlar da etiraz etmək üçün proqramlaşdırılıblar. Etirazı, üsyanı məqsəd olaraq qəbul edirlər.” - deyə düşünürdü.
Məqsədlərin içi boşaldılmışdı. O, bunu ilk anlayan insan ola bilməzdi.
Axtarmağa başladı həmfikirlərini.
Hər yerdə yazdı.
Forumlarda, küçələrdə, fanzin, vebzin, sms və s. hər şeydən istifadə edərək yazdı.
Çatdırmağa çalışdı fikirlərini yaza-yaza… və bir gün insanları oyatmağa proqramlaşdırılmış biri kimi hiss etdi özünü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Azad olsa həyatında nə dəyişəcək?-deyə düşündü.
Bu sual dəli elədi onu…
O qədər yazdı ki, özünü insan yox, yazı kimi hiss etməyə başladı.
İnsan və yazı. Nə fərqi var ki?
Birinin saatları, günləri, illəri o birinin hərfləri, cümlələri, paraqrafları məhdud.
Hər ikisi yaradılıb. Hər ikisi xeyir ya da şər ola bilər.
Amma yazının üstünlüyü də var insandan.
Yazı əbədidi, yazı aldanmır, yazı zamandan asılı deyil.
Yazıya pozu yoxdu.
Bir gün ona elə gəldi ki, o tam azadlığa qovuşub…
[Usta]- Təqdimat |


Məncə əsil azadlığın nə və necə olduğunu heçkim bilmir
Comment by Jale — December 10, 2008 @ 11:33 pm