Eşşəkli Yazı
(Bu yazını Barış Mançonun “Arkadaşım eşşək” mahnısının sədaları altında oxumağı tövsiyə edirəm)
İndiyəcən neçə-neçə ciddi mövzulardan yazmışıq, amma eşşəkdən söz açmaq heç kimin yadına da düşməyib; fağır heyvan türkün sözü, hak etmədiyi bir halda, diqqətdən kənarda qalıb; amma vicadanımız da şahid, o, daha artığına layiq idi. Ona görə də, gec-tez kimsə tarixi ədaləti bərpa edib, eşşəyə olan mənəvi borcumuzu qaytarmağa, onun qarşısındakı günahlarımızı yumağa bir cəhd etməliydi, ya yox? Bu yazı məhz həmin nəcib məqsədlə klaviaturaya alınıb. Bizim millət olaraq eşşəyə (elmi adı: Equus asinus) qarşı ən böyük haqsızlığımız bilirsinizmi, nədir? İstər məişətimizə, istərsə də təfəkkürümüzə çox böyük töhfələr verdiyi halda, ona yuxarıdan-aşağıya baxmağımız! Qorxmayın, mən burada həmişə dəbdə olan şit mövzulara toxunub, kənd cavanlarının eşşəyə olan əbədi sevgisindən, bu sevginin nəticəsində yaranan “Sənə eşşək deyənin özüdür eşşək! Sən Sibel Cansan, Sibel Can” kimi düşük söhbətlərdən danışmayacağam. Niyyətim eşşək amilinin milli mədəniyyətdə yaratdığı fəlsəfi qatlara işıq tutmaqdır.

Uinston Çörçill deyirdi ki, it bizə aşağdan-yuxarı, pişik yuxrıdan-aşağı baxır; bircə donuzdur ki, özünə tay görür bizi. İngilis təfəkküründən fərqli olaraq, bizim milli şüurda həmin yer eşşəyə ayrılıb. Əlimdə dəlil-sübutum yoxdur, ona görə də bir az yavaşdan bəyan edirəm: mənə elə gəlir, “eşşək” sözü “Eş” sözündən yaranıb – yəni “tay, bərabər”. Doğrudan da, at - həmişə bizə yuxarıdan-aşağı baxıb, qoyun – aşağıdan yuxarı; bircə eşşək bərabər səviyyədə yanaşıb, nə özündən əskik sayıb, nə artıq. Bundan savayı, at - lap yuxarı təbəqənin rəmzidir, heç bir minik heyvanının olmaması - lap aşağıların; amma eşşək – kasıb və orta təbəqənin əsas dayağı, sosial bərabərsizliyə qarşı yorulmaz mübariz, ən demokratik heyvan kimi tarixi bir missiya yerinə yetirib! Eşşək - cah-cəlal deyildi, ən vacib ehtiyac idi! Kasıbın həyat enerjisi at gücüylə yox, həmişə eşşək gücüylə ölçülüb. Ona görə də, əzizim eşşək, Amerika demokratlarının rəmzinə çevrilməyin sənə ana südü kimi halaldır! Eşşəyin “aşağı” təbəqənin rəmzi olması atalar sözlərində də təsdiqini tapır: “Atlar dalaşanda eşşəklər əzilər”. Bəli, eşşək - heyvanların, amerikalılarsa xalqların arasında ən demokrat olduqlarına görə, onlarınkı tutub; di gəl, biz eşşəyə olan bağlılımızı hər yolla gizlətməyə, özümüzü o yerə qoymamağa çalışmışıq. Bizim folklorda eşşəyə yanaşmalarda böyük ziddiyyətlər gözə girməkdə. Bir yandan eşşəyi özümüzdən ağıllı sayırıq (məsələn, hansısa səhvi təkarlayanda deyirik: “eşşək eşşəkliyilə palçığa bir dəfə batar”), üstəlik, eşşəyi insan savadının ölçü meyarı kimi götürürürk (savadsız adam – “iki eşşəyin arpasını bölə bilməyən adam”dır), amma eyni zamanda ağılısız adama da “eşşək” deyirik.
Və ya, bir tərəfdən eşşəyi üzüyola, dinc heyvan kimi tanıyırıq (Sayaçı söz yadınızdamı: “Eşşək deyər, mən hamıdan fağıram”), amma digər tərəfdən, kimsə özünü yaramaz aparanda deyirik: “eşşəklik elədi”.Məncə, eşşək bu ikiüzlüyə layiq olmayacaq qədər səviyyəli heyvandır! Amma daha maraqlısı başqa şeydir: Niyə biz eşşəyi qanmazlığın, mədəniyyətsizliyin, heyvərəliyin simvolu sayırıq? Onun hansı pis cəhəti var ki, məsələn, atda, ya inəkdə, qoyunda yoxdur? Bax, bu yerdə iç üzümüz açılır: eşşək, sadəcə olaraq, liberal-demokratik heyvandır; üstəlik, prinsipialdır (xalqımız bu özəlliyə “eşşək tərsliyi” adı verib); üstəlik, öz işində vicdanlı və peşəkardır; bizsə bütün bu cəhətlərini həzm edə bilmədiyimizə görə, ona şəbədə qoşuruq! Eşşək qadasını aldığım, lakmus kağızı kimi içimizi çölə tökür! Siz Allah, zərb-məsələ baxın bir: “Eşşəkdən Yasin xəbər alır…” İndi burada əsl eşşək kimdir: Yasini bilməyən heyvan, yoxsa heyvanı Yasin bilmədiyinə görə ələ salan eşşək? “Eşşək nə bilir zəfərənplov nədir” məsəlini isə özünüz analiz edin. İpucu: eşşək onu niyə bilməlidir axı? Atalar sözlərinə vardıqca, eşşəyin mənəvi obrazı qarşısında lap utanıb, yerə girirəm: “Eşşəyə min, ata çatınca”. Yəni biz eşşəyə həmişə makiavellistcəsinə, utilitar prinsiplə, məqsədə qovuşmağın vasitəsi kimi baxmışıq. Halbuki, o, bizə qarşı heç vaxt belə olmayıb! Və yaxud: “Eşşəkdən mərifət soruşdular, yerə yıxılıb ağnadı”. Yaa, qardaşım, eşşəyin normal həyat tərzi bu - ya sınama, ya qınama! Eşşək papyon taxıb, frakmı geyməliydi sizin xoşunuza gəlmək üçün?
Eşşəyin ədəbiyyatımızdakı yeri də birmənalı deyil. Türkiyənin 20-ci əsrdəki ən böyük yazarlarından Əziz Nesin cəmiyyətin durumunu Taxtalıköydən məktublar yazan eşşəyin dililə anlatmış. Barış Manço “Arkadaşım eşşək” mahnısında eşşəyə sevgisini çox sentimentalcasına izhar etmiş. Amma bizim ədəbiyyatda eşşək hey mənfi yüklü obraz.
Şirvani yadınızdamı:
Eşşəyə dadızdırsa hər kəs bal,
Dağılır xanəsi onun bu misal.
Yenə də sağ olsun amerikalıları, eşşəyi Şrekə dost etməklə, bizim də yetişməkdə olan gənc nəslin gözündə onun reputasiyasını bir az düzəltdilər. …Nə isə. Bütün bunlardan sonra düşünürsən: niyə biz eşşəyin tamamilə normal adından utanaraq, ona guya mədəni dildə “uzunqulaq” deyirik? Bəlkə adını çəkməyə üzümüz yoxdur, ona görə? P.S. Bütün dillərdə vergülün yerinin sürüşməsilə cümlənin anlamının necə dəyişməsinə dair maraqlı misallar olur. Bizim dildə bu da eşşəklə bağlıdır:
1. “Oxu atan kimi, eşşək olma”
2. “Oxu, atan kimi eşşək olma”
Bu yazı vebzinimizin cənub-şərqindəki eşşəyimizin şərəfinə burada yerləşdirilib!!!


Təşəkkürlər, dostlar! Qiymətinizə görə.
Bu arada, Az-Ya, sənin şərhlərin üçün möhkəm darıxdıq. Yerin görünür.
Comment by Vüsal Məmmədov — March 31, 2008 @ 1:10 pm
Sən çox sağol Vüsal belə maraqlı və moriginal yazılara görə.
Davamını gözləyirik, sevə sevə oxuyuruq
Comment by az-ya — March 31, 2008 @ 2:40 pm
maraqliydi. yazanin elleri var olsun. super idi.
eshshek insanin butun emrlerine tabe olub, amma insanlar eshsheyi hec eshshey yerine de qoymayiblar. dogurdan. bele baxanda cox heyvanlardan qeyretli cixib insanlarcun.
Comment by безумец — March 31, 2008 @ 9:10 pm
Şreki yaxşı şeymiş kimi yazdız. Ama orda da atı eşşəkdən üstün tuturlar. Eşşək özü at olmax istiyir. Bi də qəşəy bir kitab var. Eşşək və biz. Kim istəsə verə bilərəm.
P.S.:Eşşəkdən xoşun gəlir. Şırın olureee
Comment by MetaL — August 13, 2008 @ 11:04 am
Birinci defedi essek haqqinda bele gozel yazi oxuyuram. Bomba yazidi. Halaldi…
)
Bele yazilar lezzet eleyir, qoyun haqqında da yazın
Qoyunun essek kimi bir cox seciyyevi xarakteri ile secilir…
Comment by Shrek — September 16, 2008 @ 5:03 pm