March 28, 2008

Dilimiz


Dilimiz haqqında çox söz deyilib, çox yazı yazılıb. Buna baxmayaraq bu mövzu maraqlı olaraq qalır. Yəqin ki, bu mövzu hər zaman maraqlı olub və inanıram ki, olacaq da, lakin indiki zəmanədə fikrimi cəlb edən odur ki, bizim dilimiz hal hazırda sınaqdan keçir.

Müasir dövr dilimiz üçün yeni tələblər ortaya çıxardı, dilimizin inkaşafının yeni mərhələyə keçməsinə və bu inkişafı sürətləndirməsinə təkan qoydu. Böyük sürətlə inkişaf edən elm, texnika və başqa sahələr dilimizdə bu sahələrə aid olan terminologiyanın çox zəif olduğunu aşkar etdi. Bunun səbəbləri çoxdur: axrıncı 100 ildə əlifbamızın 5 ya 6 dəfə dəyişilməsi, rus və sonra sovet hökümətinin dilimizə lazımi qədər diqqət yetirməməsi, rusdilli orta və ali təhsilə verilən üstünlük, xarici dillərdən Azərbaycan dilinə kitabların olduqca az tərcümə olunması və bir çox başqa səbəblər.

Sözsüz ki, hər şeyə çoxlu səbəb tapmaq olar, lakin mənim məqsədim onda deyil. Mən sadəcə onu istəyirəm ki, danışdığım, düşündüyüm, oxuduğum, yazdığım dildə istədiyim məlumatı tapa bilim. Bu istək məni xeyli düşündürdü və qarşımda sual yarandı: görəsən buna çatmaq üçun neyləmək lazımdır və biz (yəni hər bir azərbaycanlı) nə edə bilərik?

Gəlin fikirləşək. Kimsə deyəcək ki, “Mən neyləyə bilərəm e-e? Qoy yuxarıda oturanlar fikirləşsin”. Amma bu doğru yol deyil. Düzdür çox adamın fikri-zikri budur: “beş-üç manat pul qazanım, ailəmi dolandırım, məndən əl çəkin, imkan verin rahat işimi görüm”. O adamları yaxşı başa düşürəm — mən də elə onlardan biriyəm, amma tək beş-üç manatla deyil, yaxşı yaşamaq üçün, həyatda nəyisə yaxşıya doğru dəyişmək üçün hər kəs çalışmalıdır. Hər şeyi yuxarıda oturanların öhdəsinə atmaqla, biz heç vaxt yaxşı yaşamayacağıq. Arada oturub fikirləşirəm ki, görəsən nə vaxtsa mən də yaxşı yaşayacğammı, görəsən mən də nə vaxtsa gün görəcəyəmmi? Bəzən eşidirəm: “Ay Avropa elə, ay Avropa belə”, başlayırlar tərifləməyə. Düzdür orada indi şərait çox yaxşıdır (bizə baxanda), keçmişə qayıtsaq isə, görərik ki, Nəsirəddin Tusi rəsədxana tikəndə, avropalılar bilmirdilər ki, hamam nədir. A balam, avropalılar əsrlələ işləyib-çalışıblar ki, indi yaxşı yaşasınlar və hələ də çalışırlar! Ancaq onlar özləri üçün çalışırlar və bizi Avropada heç də səbrsizliklə gözləmirlər. Biz isə cəmi 17 ildir ki, ayaq altından çıxmışıq və yaxşı yaşamaq üçün hələ xeyli işləməliyik, bizə heç kim kömək etməyəcək, biz özümüz özümüzə şərait yaratmalıyıq, özümüz özümüzə gün ağlamalıyıq. Nə isə, söhbətimizin mövzusundan bir az kənara çəkildik, gəlin qayıdaq dilimizə.

Dilimiz. O dil inkişaf edir, hansı ki, istifadə olunur. Yəni, yalnız məişətdə yox, hər yerdə, evdə, bayırda, məktəbdə, işdə, qazetdə, jurnalda, kitabda, internetdə, televiziyada, radioda, yazlı, şifahi. Hər yerdə. Azərbaycanda bir ara (indinin özündə də, bu hal hələ ki, mövcuddur) rus dilində danışmaq, azərbaycan dilini isə bilməmək modda idi. Şükr olsun Allaha, bu moda, artıq, yavaş-yavaş keçir, gedir və mən əminəm ki, gec-tez keçib, gedəcək. Ruslar da, vaxt var idi, fransız dilində danışırdılar, nə oldu? Keçdi, getdi, bizdə də keçəcək. Çoxları deyə bilər ki, xarici dilləri bilmək lazımdır, mən razıyam — xarici dilləri bilmək yaxşı şeydir, göz açılır, dünya görüşü artır, oxumaq, bilmək üçün imkanlar genişlənir və s. Amma, ilk növbədə öz dilimizi mükəmməl bilməliyik ki, xarici dillərdə oxuduqlarımızı, başqa ölkələrdə gördüklərimizi, öyrəndiklərimizi xalqımızla bölüşə bilək. Hal-hazırda Azərbaycanda dilimizin inkişafı üçün hər bir şərait var. Dövlət dili Azərbaycan dilidir, əlifbamız ümid edirəm ki, bir daha dəyişilməycək, tələbat var və günü-gündən artır, az da olsa kitablar çap olunur və s. və i. a. Gərək ki, dil inkişaf etməlidir, bəs biz nə görürük? Azərbaycan şirkətlərinin veb-saytları inglis, rus dilindədir. Azərbaycan dilində olanlarda isə, kalan səhv və kütləvi miqdarda əcnəbi sözlər var. Digər saytlar üçdilli olsalar da, ilk səhifəsi açılanda nədənsə ya rus, ya da inglis dilində açılır. Forumlarımızın əksəriyyətində ünsiyyət rus dilində baş verir. Bakılılar forumunda, yenə heç olmasa, Azərbaycan dilində yazanlar üçün ayrıca bir budka bölmə ayırıblar, necə ki, ABŞ-da keçən əsrin ortalarına kimi hər idarənin arxasında zəncilər üçün ayrıca qapı qoyurdular. Bakıda hələ də rusca danışan azərbaycanlı çoxdur, mən etiraz etmirəm, bəlkə rus dilini öyrənirlər, ya da Ursiyətdə doğulub yaşayanlardandılar, ona görə azərbaycanca bilmirlər, yəni dili bilməmək qəbahət deyil (halbuki, yaxşı da bir şey yoxdur), öyrənməmək və öyrənmək istəməmək qəbahətdir. Ancaq həmən rusca danışanlardan soruşsan ki, — “Azərbaycanca bilirsən”? Cavab verir: — “Mən Azərbaycan dilini mükəmməl bilirəm, lakin təhsilimi rus dilində aldığıma görə mən rusca düşünürəm və rusca danışmaq mənim üçün daha rahatdır”. Yaxşı bu rusdilliləri bildik, bəs bəzi azərbaycandilli şəxslərə nə deyəsən? Ümumiyyətlə Azərbaycanın “elan bazarına” baxsaq, minlərlə “şedevrlər” taparıq, biri birindən gülməli. Səhv-sühv yazmaqları bir yana, səhv yazsalar hələ yaxşıdır, rus, inglis sözlərini elə yazırlar ki, başa düşmək olmur ki, bura nə yazılıb və nəyi təmsil edirlər. Elələri də, var ki, adam oxumağa utanır: “aftamoyka”, “mrojna”, “praşka”, “taxta sexi” və s.
 
Bu “sex”-lər var haa, xaricdən gələnləri yaman çaşdırır. Ay millət, bəyəm rus dilindən Azərbaycan dilinə “цех” sözünü tərcümə etmək mümkün deyil?! Məgər elan yazanda açıb lüğətə baxmaq çətindir ki, yazdığın səhv olmasın? Mən başa düşürəm ki, hər kəsin evində kitab yoxdur, yaxşı, onda lüğət yoxdursa, heç olmasa, bilən adamdan soruşun da! Niyə belə olur? Niyə ədəbiyyatçılarımız nəsr əsərləri yazmır, ancaq şer yazırlar? Niyə Azərbaycan dilinə kitablar tərcümə olunmur? Niyə tərcümə olunan kitabları heç kim oxumur? Niyə?
İndi hər şey bizim özümüzdən aslıdır.

[Həsənəlizadə Ramin]

12 nəfər gör nə yazıb »

  1. Sağolsun Ramin yazıya görə.
    Razıyam bir az uzun alınıb. Amma mövzu ki, aktualdır. Çox danışılıb bu haqda, bəs iş görülüb mü? “Yox” desəm yanılmaram..

    P.S. Saytın sağ köşəsində ağzında bir ulduz yanıb keçən qız görürsüz, o şəklin üstünə vurun görün nə deyir..

    Comment by az-ya — March 28, 2008 @ 4:01 pm

  2. dilimiz haqdakı əksər fikirlərinizlə razıyam əsasəndə terminologiya ilə bağlı fikirinizlə.
    xarici sözlərin dilimizdə ekvivalentlərinin olmaması həqiqətən də ciddi problemdir. bəzi sözlər var ki, onları heç cür tərcümə etmək olmur ona görə də belə sözlər alınma söz kimi dilimizə daxil olmalı və assimilyasiya olunaraq dilimizin qanunlarına tabe olmalıdı.

    Comment by ever the same — March 28, 2008 @ 8:21 pm

  3. oxudum. maraqli idi. amma bele movzuda yazilar cox yerde gormushem. Cox sagol, Ramin. heee. belke mene de deyesiz? o “цех” sozunun menasi nedir? men de bilmiremeee. amma ziyanin yarisindan da qayitmaq yaxhsi sheydir deee. birden ne vaxtsa taxta SEXi acaram. ecnebilerin yaninda biyabir olmayaq. :)

    Comment by безумец — March 29, 2008 @ 12:25 am

  4. www.suzgec.blogsome.com

    Ürəyiniz hansı sözü istəyir çıxarın müzakirəyə qarşılığını tapaq.

    Comment by Usta — March 29, 2008 @ 12:35 am

  5. az-ya, o agzi bagli qiz hec ne demir. (nece desin axi. agzi baglidir axi).

    Comment by безумец — March 29, 2008 @ 12:39 am

  6. usta, teklifinizi beyendim=)
    meselen: ele sade olan sinql sozunu goturek (musiqiye aid olan sinqldan sohbet gedir).bir nece variant var, amma seslenmir.herfi tercume alinir.

    P.S: suzgec kimi bir bloqun olmasina da cox sevindim=)
    ugurlu olsun!

    Comment by ever the same — March 29, 2008 @ 1:58 am

  7. безумец, sən bir o qızı azərbaycansayağı dindir. Şillələ, təpiklə, söy, döy.. Gör nətər danışacaq =)

    Tıkla, tıkla, tıkla, tıkla, tıkla!!!

    Comment by az-ya — March 29, 2008 @ 1:46 pm

  8. eeeeee. maaa gelirsiiizzz? bu qiz hec ne demir! bir iki rus azeri ingilis sozlerinden birde o manqurtdan bashqa hec ne yoxdur. bir de shekilden. :)

    Comment by безумец — March 29, 2008 @ 5:36 pm

  9. Yazı üçün təşəkkürlər. Çox uğurlu alınıb. Adətən deyirlər dil mədəniyyətin mərkəzindən gələn şeydir. Bir adam qarışıq danışırsa demək bunun mədəniyyəti qarışıqdır ya da ki,öz mədəniyyətini başqa birisinə dəyişmək istəyir :)

    Nəysə, amma şəkili yeri var :)

    Comment by Nurlan — March 30, 2008 @ 12:13 am

  10. Dostlar, yazıma diqqət yetirdiyinizə və şərhlərinizə görə hamınıza minnətdaram, mənə xoşdur ki, qaldırdığım mövzu sizin üçün də maraqlıdır.
    Безумец, “цех” sözü lüğətdə elə “sex” kimi tərcümə olunub, amma mən bu tərcümə ilə razılaşmaq istəmirəm. Türkiyyədə sexə çilin deyirlər, bizim dilimizdə isə gözəl bir söz var ― “çilingər”, yəqin ki bu təsadüf deyil. Yəqin ki, köhnə kitabları, lüğətləri eşələsək, sex mənasını verən sözü Azərbaycan dilində də taparıq. Həm də, mənim fikrimcə Bakıdakı və ümumiyyətlə Azərbaycandakı sexlərə emalatxana demək daha düzgün olar, çünki “sex” sözü zavod və fabrikalara aiddir.

    Comment by Həsənəlizadə Ramin — April 3, 2008 @ 4:46 pm

  11. Hamı yazır, ama heç kim çıxış yolu yazmır. Hamı özü pz üzərində işləsə rusca danışmax kimi bir problem qalmaz. Məsələn mən özüm mümkün olduğu qədər azərbaycan türkcəsində danışıram. Bir də bizim dilə azərbaycan dili deməklərinin əleyhinəyəm. Azərbaycan türkcəsi desək daha yaxşı olar

    Comment by MetaL — August 14, 2008 @ 12:00 pm

  12. Texnologiya inkişaf elədikcə xarci sözlər daxil olur, düzdü, buna alternativ özümüzün gündəlik nitqimizi təmizləməkdi. Hərə vacardığı qədər öz dilimizdə danışsa, o qədər də təmiz dil istəməyə haqqımız çatar. Yeni gələn sözlərlə isə elmlər akademiyasındakı linqvistlər məşğul olmalıdır. Bu onların işidi. Bizim üstümüzə düşən dilimizə hörmət eləməkdi.

    Mənimlə bir qrup tanışım çox işlətdiyimiz “adaptor” sözünə azərbaycanca “yükləyici” qarşılığını tapmışdıq. Məncə, bu elə ən yaxşı varinatdı.Amma bir iş var ki, dilə yeni gələn öz sözlərimiz birinci dəfə dilə öyrəşənə qədər gülməli gəlir çoxusuna. Amma bu nrmal hal olmalıdır, hamı da bacardığı qədər buna əməl eləməlidir.

    P.S.Yazıda bir şeylə razı deyiləm ki,o da hamam məsələsi. Romada eramızdan əvvəl də “term” adlanan hamamlar var idi.

    Comment by Turalfot — March 23, 2009 @ 12:40 pm

RSS deyilən məxluq.

Yaz qardaş, yaz!

Abzasa özü düşəcək narahat olma. E-poçt ünvanını da heç kimə göstərmərik, qorxma. Bu HTML zadlarından da istifadə edə bilərsən: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <code> <em> <i> <strike> <strong>



Anti-spam: yanda yazılanı bura köçür ki, bizim da başımız ağrımasın.