January 31, 2008

Yalan

- İmtahanları verdin?
- Hə..
Həmin “hə” deyib yalan danışmağım nədənsə mənə o qədər də təsir etmədi. Amma telefonun qırmızı düyməsini basıb masanın üstünə qoyandan sonra duruxdum. Yalan seməyən insanın yalan danışıb bundan xəcalət çəkmək bir tərəfə, heç bir mənfi təsir almaması sanki ciddi problemimiş kimi (əslində ciddi problem olduğunu bu yazını yazanda başa düşdüm) beynimə sancılmışdı..
“Bu köşə yazısınıda yazım vəssəlam! 13 min işarə! Daha nə istiyirlər e məndən? Səhifə hazırdı də..” – deyə öz özümə danışdığım bir vaxt dayandım. İçimə səssizlik çökdü. Sanki şəkilim çəkilirmiş kimi əlim klavyaturanın üstündə donmuş vəziyyətdə, gözlərim isə “D”, “F” və “G” düymələri arasındakı boşluğa zillənmiş halda qaldım.
Nə qədər belə əcaib əziyyətdə durduğumu bilmirəm, amma iş yoldaşım “Ə sənnən döyəm?! Gedirsən evə? Alooo!.. Çatdıq ee!.. Mars planeti eşidirsən?” deyəndə elə bil yenidən Yerə endim. Bir təhər “Yox .. hələ qurtarmamışam” sözlərini bir birinin ardınca qoşdum və yazının işarə sayını 2500-ə çatdırıb Ustaya zəng vurdum. Dəstəyi yerə qoyandan  sonra “görüş yerini dəyişmək olmaz” deyib yol aldım.
Adamların səs-küyü, maşınların ciyiltisi, vıyıltısı da məni beynimə sancılan həmin sualdan ayıra bilmirdi: “Güya mən indi kimi aldatdım ki?”…
Həmin gün işarə sayına işlədiyimin fərqinə varmışdım (əslində nə qədər uzun müddətdir belə etdiyimi indi-indi anlayıram). Bu jurnalistikanın peşəkarlıq prinsiplərini ayaqlamaqdan çox, qayğıkeşsiz, vecsiz, qədir bilməyən rəhbərliyi aldatmaq idi. “Onlara hələ bu da azdı!”. Yox. Yavaş-yavaş fikirlərim dəyişirdi. Belə başdansovdu münasibətlə onlardan çox özümə xəyanət edirdim, özümü aldadırdım..
Yalan danışırdım və həmişəkindən fərqli bu yalanlar mənə təsir etmirdi. İçimdəki vicdanı aradım. “Bu nömrəyə zəng çatmır, telefon ya … ” O da məni aldadırdı. İşə bir bax!..
Elə həmin vaxt dərk etdim ki, bu əslində mənim iç problemim deyil, hamının sıxıntısıdı. Ümumilikdə cəmiyyətin problemidir.
Qız sevdiyi oğlana, oğlan “sevirəm” dediyi qıza, həmin qız anasına, anası atasına, atası işdəkilərə, işdəkilər evdəkilərə, evdəkilər qonşudakılara, qonşudakılara elə evdəkilərin özünə, mən özüm də özümə yalan danışırammış.
 
“500 min yeni iş yeri açılıb”
“Düşünürük ki, bu ilki inflyasiya səviyyəsini balanslaşdırmaq öz əlimizdədi”
“Əhməd çox kəlləli uşaqdı. İndi də Almaniyaya magistraturaya gedir, öz biliyinə!”
“Niyə bu qədər baha? Ona görə ki, benzin qalxıb. Bir də bilirsən şəhərdə nə qədər “probka” var?”
“Mən elə səviyyəsiz müğənni deyiləm”
“Cəmi bircə ay işlətmişəm qaqaş. Qət-təzə telefondu, qutusu da evdədi, gətirərəm!”
“Mən bəzi müəllimlər kimi rüşvət alan deyiləm, sizin bir qəpiyiniz də mənə lazım deyil!”
“Həmidov Ələsgər Məmmədqulu oğlunun üzərində narkotik maddən aşkarlanmış və tərəfimizdən yaxalanmışdır”
“O nə söhbətdi qardaş? Sənin kimi oğlanlara canım da qurbandı!”
“Kim? Mən elə manıslara qulaq asmıram!”
“Uydaa! Necə yaraşdı sənə! Əsl sənin malın imiş ki!”
“Vəli, mənə filan qədər pul ver, vallah 5 günə qaytaracam”
“Əli, bu işi yola ver, hörmətindən çıxacam”
“Çatdım-çatdım! 2 dəqiqəyə ordayam”
“Müharibə başlasın, bu dəqiqə gedərəm əsgərliyə!”
“Ya Qarbağ, ya ölüm! Qarabağ bizimdir!“
 
İnanmayın bunlara. Bunlar hamısı yalandır! Özü də nöqtəsinə, vergülünə, nidasına kimi!..
Bax indi bu yazını oxuyub qurtarandan sonra, aşağıda şərh yazacaqsız ki, “düz deyirsən, əla mövzuya toxunmusan, əllərinə sağlıq!”, filan şey, besman şey, nə bilim nə… O da yalandır! Aldatmayın məni..
İnanmıram sizə. Heç özümə də inanmıram mən.
Bu dünya da yalandır, cənnət də yalandır, cəhənnəm də yalandır, şeytan da yalandır, Allah da yalandır!..
Yalan həyatımızın bir hissəsinə çevrilib. Hər nə qədər təəccüblü/xoşagəlməz/istənilməz/arzuolunmaz/qəbulolunmaz olsa da, bu nüans danılmazdır.
Gəlin aldatmayaq. Əvvəlcə özümüzü. Sonra isə əlimizdən gəldiyi qədər başqalarını.
 
…Artıq Ustayla çoxdan sağollaşıb ayrılmışdıq. Memar Əcəmiyə çatanda, qatarın xüsusi səsötürücülərindən aşağıdakı sözlər deyildi: “20 Yanvar stansiyası”
Səs lenti xarab olmuşdu. Amma öz-özümə dedim: “Bu da yalan danışır..”
 

imza: yalançı az-ya

Çərçivə

Çoxuna bəlkə bu yazı absurd görünə bilər ki, nə çərçivə, nə arzu , nə maneə, nə qadağa? Axı biz demokratik bir ölkədə, 21-ci əsrdə  yaşayırıq. Bu problemlər qaldı keçmişdə, ey oyanın artıq! Çox təəssüf ki, hələ oyaq olduğumuzu sevinclə vurğulaya bilməyəcəm, bunu bütün qəlbimlə istəsəm belə.
Gəlin səmimi etiraf edək ki, necə keçmişdə, eləcə də indi qızlarımız bir çox problemlərlə qarşılaşır,onların əvəzinə qərarlar verilir, heyatlarını necə, nə vaxt, kiminlə quracaqları başqaları tərəfindən müəyyən olunur, hansı peşəni seçəcəkləri belə müzakirə obyekti olur və bir çox başqa qadağalar quyulur onlara – valideynləri və qardaşları tərəfindən. Qız heç bir şey deyə bilməz! Valideynlərinin üzunə ağ olan, atasının bir sözünü iki eden qız kimə lazımdı axı? Sən yox valideynlərin bilir sənə nə, necə  ve nə vaxt lazımdı.
 
Nə qədər olar axı həyatını özünün yox, başqalarının arzuları ilə qurmaq, başqalarının diqtəsi ilə yaşamaq? Niyə bir azərbaycanlı qız da müasir dünyaya açılmasın? Niyə həmişə belə istəklərə mentalitetə sığmayan bir arzu kimi baxılmalıdı? Niyə bir azərbaycanlı qız xaricə oxumağa gedə bilməz? Çünki başqalarının göz-qaşı qaradı bizimki yox?!
Hətta bizdə peşəni belə qız ve oğlana görə bölürlər. Məsələn “qız üçün en uyğun peşə həkim və müəllimlikdi” fikri yəqin hamıya məlumdu. Qız hara hüquq hara? Olmaz qətiyyən!!! Qızdan iqtisadçı ola bilməz! Nə diplomat? - bu qız peşəsi deyil!!! (amma yeri gələndə bu hörmətli kişilərimiz ilk diplomat qadın Sara Xatunun adını qürurla çəkirlər)

Niyə əksər ailələrdə çox gözəl səsi olan bir qıza “müğənnilərə bizim cəmiyyətdə yaxşı baxmırlar”- deyib oxumaq arzusunu fikrindən çıxarmasını tələb edirlər?
 
Nə badə anana kimisə sevdiyini söyləyəsən ha?! Sizi əmin edirem ki, bu cavabı alacaqsız: ”Ay bala bəs ətraf, bəs qonşular, dost-tanış nə dəyəcək?”.
Niyə biz ömrü boyu bu suarla yaşamalı ve özümüzü yox başqalarını fikirləşməliyik. Axı bu başqalarının yox, bizim həyatımızdı…
Niyə axı azərbaycanlı qız istədiyi vaxt öz dostları ilə birgə istədiyi yerə gedə bilməz?
Səbəbini soruşsan deyəcəklr:
-“Qız uşağının nə işi var ………..?”
Bax mənden sizə məsləhət: nə badə “taksi”yə zada minəsiz ha?!
Qızlara taksiyə tək minmək olmaz! Yoxsa…
 
Nə olursa olsun valideyninizə iş yoldaşlarınızla başqa ölkəye səfərə getmək fikrini söyləməyi ağlınıza belə gətirməyin ha!
Ata:
- İki dünya bir olsa da olmaz! Qız nədi başqa ölkəyə getmək nədi!? Özu de iş yoldaşları ilə!
Ana:
- A bala nə vaxt ailə qurarsan, o vaxt da həyat yoldaşınla hara istəsən gedərsən?
Belə deyək də, bəlkə heç bu yazıq qızın taleyində ailə qurmaq yazılmayıb? İndi bu heç yerə gedə bilməz? Oturub gözləməlidi ki, nə vaxt ailə quraram, onda da insan kimi yaşayaram? (hələ həyat yoldaşının necə birisi olacağı məlum deyil.
Aile qurmamış qız hər şeydən məhrum olmalıdı bəyəm?
Axı bu hansı qanunda yazılb? Bıy həə… Bu "Yazılmamış qanundu", müzakir olunmur.
  
Hə, yadımdan çıxmamış bəzi ailələrin qızlarını tez ərə vermələri ile fəxr edib, qürurla danışmalarını demirəm hələ. Belə ailələrdə  nəinki peşə seçimindən, heç oxumaqdan söz gedə bilməz. Belələri deyirlər:
-  Hə nə olsun ki, filankəsin qızı neçə institut qurtarıb, bax indi evdə qalıb alan zad yoxdu.
- Əşşi diplom zad boş şeydi ey ay bajı, təki bütün qızlara ər çörəyi qismət olsun!
He.. Sən demə “dövlət quşu” ərə gedən qızların başına qonub xəbərimiz yox imiş.
 
Bir qisim de güya oxumaq tərəfdarı olub, qızlarının diplomlu (özüdə elə-belə yox haa! Ancaq “qırmızı diplom”lu!) gəlin olması arzusu ilə yaşayır.
 
Bu gunun ən vacib informasiya mənbələrindən olan internet klublar da sən demə qızlara aid deyilmiş.
Nə yazıq ki, bu da bizlik deyilmiş ay qızlar!..
 
Bəs görəsən bu ölkədə qızlara aid bir şey varmı?
Deməyin ki, evde oturub yemək bişirmək, paltar yuyub-ütüləmək ve s kimi ev işleri.
 
Goresen ne vaxtsa “çercivə” yox olacaqmı?
 
Yenə də ümid edek ki, qızlar da nə vaxtsa insan kimi yaşayacaqlar, axı deyirler “ümid sonda ölür”…
 

imza: ever the same

January 30, 2008

Çevir tatı, vur tatı

Bizim Rembodu dana, tanımadız?

Sanki Hollivud tükənib. Fikir vermisizsə son zamanlar ciddi ssenarili, yadda qalan möhtəşəm filmlərdən əsər əlamət yoxdu. Ancaq "çevir tatı, vur tatı" prinsipinə keçiblər. Keçmişdə çəkilənləri yenidən lentə alırlar. Nə yaxşı bu yeni qrafik imkanlar var, yoxsa Hollivud nə günə qalacaqdı heç təsəvvür etmək belə istəmirəm.

"300", "Transformers", "Resident Evil: EXTINCTION" və s. Bizim Silvester Stalone isə ümumiyyətlə vaxtilə yığdığı boğçasından yeyir: "Rocky Balboa (VI)", indi də "Rambo (IV)"..

Yuxarıdaki şəkil "Santyaqo-Bernabeu" stadionundandır. İspaniyaya filmin təqdimatı üçün dəvət edilibmiş.

imza: az-ya

Gəl, ay müştəriiiiiiiiiiiiiiiii

Gördüyün iş İtaliya reklam agentliklerinden birinin işidi. Sezarın dediyi məşhur aforizmi bir qədər dəyişib, yaza bilərəm ki, Gördüm, bəyəndim, yerləşdirdim! :) Bax və baxmaqla kifayətlənmə - yaradıcılıq gücünü artırmaq haqda düşün!

imza: Usta 

January 28, 2008

BaltazArt təqdim edir!

Məşhur Türkiyəli fotoqraf BaltazArt-ın (Murat Saygıner) işlərini diqqətinizə təqdim ediyorum. :) Yayımlamağa izn verdiyi üçün A-zine adından təşəkkürlər kendisine :) Buyurun, baxın, zövq alın.

 

 

 

 

 

January 26, 2008

YUXUlayaq

 

Sovet İttifaqında qadağan olunmuş rokun Azərbaycanda ilk qaranquşu YUXU qrupu 1988-ci ildə Sumqayıt şəhərində yaranıb. Azərbaycanca Rokun mümkünlüyünü "Yuxu" sayəsində kəşf etmiş roksevərlər bu qrupun tərzini məşhur "Metallika"ya bənzədirlər. Amma inqilabi dəyişikliklər dövründə örtaya çıxan "Yuxu"nu əfsanəyə çevirən və sevdirən onun mahnılarının formasından çox, məzmunudur.

1990-cı ildə Fransadan dəvət alan qrup oraya getmək üçün Bakı-İstanbul-Paris reysinə bilet alır və İstanbulda onları soyurlar, bundan sonra pulsuz və kimsəsiz olan musiqiçilər məcbur olub İstanbulda çox ucuz qiymətə barda oxumağa başlayırlar. Sonrakı illərdə İstanbulda müxtəlif restoranlarda, barlarda və kazinolarda işləyirlər.

Qrup bir-neçə ildir ki, dağılıb və indi fəaliyyət göstərmir. Onlar haqda olan məlumatlara görə qrupun iki üzvü Türkiyədə, başqa iki üzvü isə Amerika Birləşmiş Ştatlarında yaşayırlar. "Ölümə çarə yox" (2001) albomlarından sonra vokalist qrupdan ayrılmış və yerinə Serkan Civelek gəlmişdir. İndi qrupu birlikdə görmək mümkün deyil, yalnız zərbçi Çingiz Eyvazovgitaraçı Namiq Nəqdəliyev bu yöndə fəaliyyət göstərir

Qrupun əsas üzvlərindən olan Namiq Nəqdəliyev hal-hazırda Kıraç, Funda Arar, Haluk Levent, Barış Aksu və başqa rokerlərlə işləyir və onların musiqilərini bəstələyib ifa edir. Kıraçın Türk Dizisi adlanan seriallarında oxuduğu musiqilərin çoxsunun bəstəkarı və gitaraçısıdır. "Bir İstanbul Masalı" kino serialının beş mahnısı Namiqə aiddir. Bunlardan ən uğurlusu: Pırıltı, Göz yaşı, Çığlık və s. belə bəstələrdir. Deyilən faktlara əsasən o Tufan Kıraçın şəxsi gitaraçısıdır.
Azərbaycan musiqiçilərindən yalnız Zülfiyyə Xanbabayevanın "Məni daha gözləmə" adlı parçasının gitara hissəsini ifa edib.

Albomları